Sumqayıt Dövlət Universiteti
Sumqayıt şəhəri Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin 30 km-də Xəzərin sahilində yerləşir, əhalisinin sayı 350 mindən artıq, sənaye, mədəni və elmi potensialına görə respublikanın ikinci şəhəridir.
Sumqayıt Dovlət Universiteti (SDU) Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə 1961-ci ildən fəaliyyət göstərən Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılmışdır.
Universitetin 7-"Mexanika-riyaziyyat", "Fizika və elektroenergetika", "Kimya", "Kompüter texnikası və texnologiyaları", "İqtisadiyyat", "Tarix" və "Filologiya" fakültələrində 3500-dən çox tələbə 21 istiqamət üzrə təhsil alır.
Universitetin 37 kafedrasında 5 Azərbaycan MEA-nin müxbir üzvü, 38 elmlər doktoru, professor; 130 elmlər namizədi, dossent; 193 nəfər baş müəllim və assistent, 15 aspirant, 35 dissertant, 10 doktorant fəaliyyət göstərir. 4 elmi-tədqiqat laboratoriyasında 25 elmi işçi elmin müxtəlif problemləri ilə məşğul olurlar.
2001-ci ildən SDU-nun "Elmi xəbərlər" məcmuəsi nəşr olunur. Universitetin alimləri MDB ölkələrinin aparıcı universitetləri və elmi-tədqiqat mərkəzləri ilə, Fransanın Nitse, Sorbon Universitetleri , Türkiyənin İstanbul Texniki Universiteti, Bursadakı Uludağ Universiteti, Pakistanın Sidh və Mehran Universitetləri ilə qarşılıqlı əməkdaşlıq edirlər.
Universitetdə xarici dillərin tədrisinə xüsusi diqqət yetirilir. Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən geniş çeşidli ədəbiyyat və müasir texniki ləvazimatlarla təchiz olunmuş xarici dillər öyrədən mərkəz, "Statoil" və "Unocal" Neft Kompaniyalarının sponsorluğu ilə xüsusi "İqtisadiyyat" kitabxanası yaradılmışdır. "Internet Mərkəzi" ve "İngilis dilli Resurs mərkəzi" fəaliyyət göstərir.
SDU-nun 3 tədris korpusu, 2 yataqxanası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin kitabxanası, müasir texnika ilə təchiz olunmuş informasiya-hesablama mərkəzi, nəşriyyat-poliqrafiya şöbəsi, idman kompleksi və yeməkxanası vardır.
Nadir F. Qəhrəmanov - rektor | |
Qəhrəmanov Nadir Fərrux oğlu 1945-ci il, mayın 24-də Zəngəzur qəzasının Urud kəndində ziyalı ailəsində anadan olmuşdur. 1962-ci ildə orta məktəbi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1967-ci ildən 1969-cu ilə qədər hərbi xidmətdə olmuşdur. 1969-cu ildən fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamışdır. 1972-ci ilə qədər laborant, 1972-1976-cı illərdə isə "Ümumi fizika" kafedrasında müəllim işləmişdir. 1976-cı ildə "İndium kükürd monokristalının alınması və bəzi fiziki xassələri" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1977-1986-cı illərdə "Ümumi fizika" kafedrasının dossenti vazifəsində çalışmışdır. |
|
1986-cı ildə Moskva SSRİ Elmlər Akademiyasının Radioelektronika İnstitutunda "Yeni tipli üçqat yarımkeçirici birləşmələr" mövzusunda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. O, həmin ildən Bakı Dövlət Universitetinin "Ümumi fizika" kafedrasının professoru vəzifəsində öz elmi-pedaqoji fəaliyyətini davam etdirərək müxtəlif vəzifələrdə və həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. 30 ilə yaxın bir müddətdə BDU-da yüksək elmi-pedaqoji səviyyədə mühazirələr oxumuşdur.
N.Qəhrəmanov üçqat yarımkeçiricilər üzrə dərin tədqiqatlar aparmış, bu mövzuda maraqlı əsərlər yazmışdır. Onun əsərləri İngiltərə, Almaniya, Türkiyə, Moskva, Leningrad, Kiyev və başqa ölkə və şəhərlərdə çap olunmuşdur. 100-dən çox elmi məqalənin müəllifidir. 10 elmlər namizədi hazırlamışdır. Onun ixtira etdiyi xüsusi cihaz kocmik gəmilərdə istifadə olunur. Azərbaycan Respublikası Prezidentinin 31 may 2000-ci il tarixli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilmişdir. Ailəlidir, iki övladı, üç nəvəsi vardır. |
Yadigar Y. Hüseynov - elmi işlər üzrə prorektor | |
Hüseynov Yadigar Yusif oğlu 1955-ci il, mayın 3-də Gürcüstan Respublikasında anadan olmuşdur. 1972-ci ildə orta məktəbi, 1977-ci ildə isə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1977-1981-ci illərdə Qəbələ rayonunda müəllim, 1981-2000-ci illərdə isə Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər" laboratoriyasında çalışmışdır. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1990-1991-ci illərdə İtaliyada I Roma Universitetində elmi ezamiyyətdə olmuşdur. 1993-cü ildə elmi işlərinin nəticələrinə görə Beynəlxalq Soros Fondunun mükafatına layiq görülmüşdür. |
|
2000-ci ildən Sumqayıt Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışır. Ailəlidir, üç övladı vardır. |
Məhəmməd A. Əhmədov - tədris işləri üzrə prorektor | |
Əhmədov Məhəmməd Aydın oğlu 1946-cı il, oktyabrın 27-də Oğuz rayonunun Baş Daşağıl kəndində anadan olmuşdur. 1964-cü ildə orta məktəbi, 1969-cu ildə isə Neft-Kimya İnstitutunun (indiki Neft Akademiyası) texnoloji proseslərin avtomatlaşdırılması fakültəsini bitirmişdir. 1971-1977ci illərdə kompressor zavodunda mühəndis, bölmə rəisi, 1977-1980-ci illərdə Neftkimya avtomat Elm-İstehsalat Birliyində işləmiş, 1980-ci ildən isə Azərbaycan Neft-Kimya İnstitutunun Sumqayıt filialında mühəndis kimi çalışmağa başlamışdır. 1986-ci ildə namizədlik, 1992-ci ildə isə doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 1992-ci ildən İnstitutda onun şəxsi təşəbbüsü ilə yaradılmış "Avtomatlaşdırılmış layihələndirmə sistemləri və proqramlaşdırma" kafedrasının müdiri vəzifəsində çalışır. |
|
2000-ci ildən Sumqayıt Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışır. Ailəlidir, iki övladı, üç nəvəsi vardır. |
|
|